Autizm Nedir? Autizmin Yaranma Sebebleri Nelerdir?

Son güncellenme tarixi Dekabr 21, 2024
Autizm Nedir?
Autizm aşağı yaş dövrlərində ortaya çıxan və insanlarda sosial əlaqələr, ünsiyyət və davranışlarında müxtəlifliklərə səbəb olan inkişaf pozğunluğudur.
Autizmli şəxslər, adətən, ətrafa fərqli reaksiya verir, fərqli maraq dairələrinə daha çox diqqət göstərə bilər və bəzən rejiminin dəyişməsinə, yaşamında yeniliklər etməyə müsbət yanaşmırlar.
Bu pozuntu insanın yaşamı boyu davam edir, amma vaxtında müdaxilə etməklə və dəstək olmaqla bu halı idarə etmək mümkündür.
Autizm oğlanlarda qızlara nisbətdə daha çox rast gəlinir.

Autizm Spektr Pozuntusu
Autizm Spektr Pozuntusu (ASP) içərisinə autizmin də daxil olduğu və bir neçə bənzər xəstəliyin bu ad altında birləşdiyi geniş bir anlayışdır.
Autizm Spektr Pozuntusuna daxil olan xəstəliklərə aşağıdakılar aiddir:
– Autizm pozğunluğu
ASP-nun ən geniş yayılmış formasıdır. Bilinən klassik autizmdir.
– Asperger Sindromu
Asperger sindromu, ASP-nun yüngül formasıdır və nitq qabiliyyətinin qorunub saxlanıldığı, amma insanı sosial əlaqələrində və davranışlarında problemlərin olduğu bir haldır. Əsas əlamətləri:
- Sosial siqnalları anlamada çətinlik (məsələn, jestlər və ya mimikalar).
- Məhdud və ya özəl maraqlar (məsələn, müəyyən bir mövzuya həddindən artıq maraq və həmin mövzuda yüksək bacarıqlar).
- Təkrarlanan davranışlar.
- İntellektual səviyyənin norma və yuxarı səviyyədə olması.
– Heller Sindromu
Heller sindromu adətən 3-4 yaşdan sonra irəliləyir və uşağın qazandığı bacarıqları itirməsi ilə xarakterizə olunur. Əsas əlamətləri:
- Sosial, ünsiyyət və motor bacarıqlarında geriləmə.
- Normal inkişaf edən uşaqlarda ani pozulmalar.
- Autizmə bənzər davranışlar.
– Atipik Autizm
Atipik autizm, klassik autizm və ya Asperger sindromunun xüsusiyyətlərini bütövlüklər qarşılamayan şəxslərə qoyulur. Əlamətləri:
- Ünsiyyətdə və davranışlarda qismən yaranan problemlər.
- Autizm əlamətlərinin yüngül və ya qeyri-tipik formasının olması.
– Rett Sindromu
Rett sindromu, adətən qızlarda rast gəlinən genetik ASP pozuntusudur. Rett Sindromunun elametleri:
- Normal inkişafdan sonra ciddi geriləmə (6-18 ay arasında başlayır).
- İnsanın əvvəllər bacardığı sadə bacarıqların itirilməsi (məsələn, düymə bağlamaq, qaşıqla yemək yeyə bilməmək).
- Sosial qarşılıqlı əlaqənin zəifləməsi.
- Zəka səviyyəsində gerilik.
Autizmin Yaranma Sebebleri
Autizm, genetik və bioloji amillərin səbəbilə inkişaf edən pozuntudur. Autizmin yaranma sebebleri aşağıdakılardır:
- Hamiləlik və Doğum ilə Əlaqəli Problemlər
Hamiləlik dövründə baş verən problemlər, autizm yaranma riskini çoxalda bilər. Bunlar arasında hamiləlikdə qanaxma, dərman istifadəsi, sürətlə yayılan infeksiyalar, qısa müddətli hamiləlik dövrü və aşağı çəki vardır.
Həmçinin, yeni doğan uşaqlarda ağlamanın gecikməsi, tənəffüs problemləri və sarılıq da autizm simptomlarını yüksəldən hallardan hesab edilir.
- Nevroloji və İrsi Xəstəliklər
Bir sıra nevroloji və genetik xəstəliklər mövcuddur ki, bunlar autizme səbəb olur.Məsələn, yumru skleroz, neyrofibromatoz kimi xəstəliklər autizmlə əlaqəlidir. Həmçinin, bəzi epilepsiya sindromları və metabolik xəstəliklər.
- Genetik amillər və Ailə Tarixi
Autizmin genetik olaraq keçməsi də təsirli bir amildir. Autizmli uşağın qardaşında da autizm olma ehtimalı 3%-ə bərabərdir, bu isə normal risk səviyyəsindən 10 hətta 100 dəfə çoxdur.
Əkizlərdən biri autizmli olduqda, digərində də autizm olması ehtimalı 36%-91% arasıdır.
- Bilinməyən səbəblər
Bəzən də autizm halları səbəbi bilinməyən və müəyyən bir genetik ya da nevroloji faktora bağlı olmayan bilinməyən səbəblərdən də yaranma ehtimalı vardır.

Autizm Elametleri
Autizm elametleri adətən uşaqların erkən yaşlarında müşahidə edilir. Bu əlamətlər aşağıdakı kimi qruplaşdırılır:
– Ünsiyyət və qarşılıqlı münasibətdə problemlər
- Göz təması qurmaqdan çəkinmək.
- Adla çağırışlara reaksiya verməmək.
- Dostluq qurmaqda çətinlik.
- Müəyyən jestləri öyrənə bilməmək və ya çətin öyrənmək
– Davranışda təkrarlanan nümunələr
- Əlləri çırpmaq, öz-özünə danışmaq kimi hərəkətlərin təkrarı.
- Rutin dəyişikliyinə qarşı həddindən çox həssas olmaq.
– Məhdud maraqlar
- Təkcə bir mövzuya həddindən çox maraq göstərmək.
- Oyuncaqlar ilə qeyri-adi formada oynamaq, məsələn, yalnız onların təkərləri ilə maraqlanmaq.
Bu əlamətlər hər bir uşaqda fərqli şəkildə görünə bilər. Erkən diaqnozun qoyulması və vaxtında müdaxilə uşağın inkişafında böyük rol oynayır.
Autizmli Usaqların Xüsusiyyətləri
Autizmli uşaqların hər biri nadirxüsusiyyətlərə malikdir. Onların əsas xüsusiyyətləri:
- Güclü hafizə: Müəyyən mövzular haqqında məlumatları asanlıqla xatırlamaq bacarığı.
- Geniş təfəkkür: Sənət, riyaziyyat və ya musiqi sahəsində xüsusi istedad göstərə bilərlər.
- Rutini sevmək: Gündəlik həyatlarında sabitlik və qaydaya ehtiyac duyarlar.
- Sosiallıqda fərqlilik: Digər uşaqlarla oyun oynamaq yerinə, tək qalmağı üstün tuta bilərlər.
Autizmli uşaqların potensialını üzə çıxarmaq üçün onların güclü tərəflərini dəstəkləmək çox önəmlidir.